Politicon.co

İranın Azərbaycanda məzhəbçilik siyasəti və qazanılmış imici itirmək qorxusu

İranın Azərbaycanda məzhəbçilik siyasəti və qazanılmış imici itirmək qorxusu


Ayətullah Xomeyninin İranda başlatdığı və 1979-cu ildə qələbəsi ilə nəticələnən islam inqilabından sonra, İran şiə məzhəbini əsas alan teokratik dövlətə çevrildi. İdarəetmə sistemi parlamentli respublika olsa da, ölkənin əsas idarəçiləri üləmadır ki, mühüm məsələlərdə onların sözünün ağırlığı hiss olunur. Teokratik idarəetmə sisteminə Xomeyninin gətirdiyi yenilik ondan ibarət idi ki, ölkənin idarəçiliyində Vilayəti-fəqihdə (din alimlərinin hökuməti/qəyyumluğu) qeybdə olan 12-ci imamın gəlişinə qədər yaranmış sistemdə onu təmsil edir və belə demək mümkündürsə, bütün alimlərdən daha ali məqama sahibdir. Bu da öz növbəsində, sadəcə İranda yaşayan şiələr üzərində deyil, digər ölkələrdəki şiələr üzərində söz və güc sahibi olmaq deməkdir. Ayətullah Xomeyinin bu yanaşması İrandan xaricdə yaşayan böyük alimlər tərəfindən tənqid olunaraq qəbul edilməsə də, İranda bu fikrin tərəfdarları az deyildi. Bu nəzəriyyəyə əsasən, İranın ali dini lideri ancaq iranlı şiələrin deyil, dünya şiələrinin rəhbəri olmuş olur. Sırf bu məqsədlə İran dini siyasətində İran modeli şiəliyə paralel vilayəti-fəqih anlayışının da təbliği ilə məşğul oldu. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanda da nüfuz sahibi olmaq istəyən İran təbii ki, şiə məzhəbçiliyi vasitəsilə bu istəyini reallaşdırmağa çalışdı.

Ətrafında və ya yaxınlığında yerləşən ölkələrin (İraq, Suriya, Livan, Bəhreyn, Küveyt, Yəmən, Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, Əfqanıstan) əhalisinin bir qisminin şiə olması İran üçün şiəlik mərkəzli siyasətin aparılmasında əlverişli şərait yaratdı. Bu ölkələrin bir çoxunda artıq müəyyən qədər nüfuz sahibi olan İran bunun üçün illərlə vaxt, maliyyə və insan resursu sərf etməli oldu. Otuz ildən çoxdur ki, İran Azərbaycanda da bu yumşaq gücdən istifadə edir və iranyönümlü seqmentin formalaşmasında əlindən gələni əsirgəmir. 

Şiə məzhəbçiliyini yumşaq güc kimi istifadə edən İran Azərbaycanda qazanmaq istədiyi nüfuza müxtəlif yollarla nail oldu. Ölkəyə təyin olunan səfirlərlə yanaşı, hazırki ali dini rəhbər Ayətullah Xameneinin də nümayəndəsi təyin olunurdu. Azərbaycan əsilli və azərbaycanca səlis danışan nümayəndələrin seçilməsi diqqətdən kənarda qalmır – xalqla onun dilində ünsiyyət qura bilən insanların olması ötürüləcək mesajı daha da yaddaqalan edir və insanları ətrafına daha rahat toplayır.

Bu məsələdə xüsusi rolu əslən Ərdəbildən olan Seyid Əli Əkbər Ocaq Nejad oynadı. 1996-ci ildən etibarən fəaliyyətə başlayan Ocaq Nejad, əsasən Hüseyniyyə məscidi kimi tanınan yerdə cümə moizələri, yazdığı və tərcümə etdirdiyi kitabları ilə məşhurlaşdı. Hazırda nəyinki Azərbaycanda, eyni zamanda Gürcüstan və Dərbənddə də (şiə) dindarlar arasında ciddi nüfuz sahibidir. 25 ildən artıq müddətdə (nəzərə almaq lazımdır ki, 25 il bir nəslin, generasiyanın yetişməsi üçün lazım olan vaxtdır) olan fəaliyyətində əlbəttə ki, İranın dini-ideoloji təbliğatı və İran modelli şiəlik dindarlara təlqin edildi. Nəticədə, iranyönümlü dindar şiələrin sayı artdı. Fəqət 44 günlük müharibə vaxtı İranın nümayiş etdirdiyi mövqe dindarlarda suallar doğurdu, İrana qarşı skeptik düşüncə və çaşqınlıq yaratdı. Ölkəsi müharibə edən vaxtda Ermənistana İran vasitəsilə silahların daşınmasını qəbul edə bilməyənlərin bir hissəsi artıq İranı “böyük qardaş” kimi görməkdən imtina etməyə başladılar. Bu isə təbii ki, illər ərzdində atəşkəs dövründə yaradılan imicin 44 günlük müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr almasına səbəb oldu, bu da İranı narahat etməyə bilməzdi.

Ayətullah Xameneinin dini nümayəndəsinin fəaliyyətləri ilə yanaşı İranda, xüsusən Qumda təhsil alan şəxslərin bu illər ərzində ölkəyə qayıtması və ya azərbaycanlılar üçün İrandan fəaliyyət göstərmələri də bu yumşaq gücün tətbiqi işinə təkan verməklə İranın Azərbaycanda möhkəmlənməsi yolunda əsas elementlərdən biri oldu. Belə ki, İranın müxtəlif şəhərlərində olan elmi hövzələrə (dini tədris mərkəzi) dini təhsil almağa gedən şəxslər insanların dini kimliyinə qayıdışı dövründə din xadimləri kimi (ən azından dini təshil almış biri kimi) rəğbət qazandılar. İranın vilayəti-fəqih doktrinasını əsas alan dini hövzələrdə oxuyanlar əlbəttə ki, o etiqadı da öz ölkələrində dindar insanlara bu və ya digər şəkildə təbliğ etməyə başladılar. Nəticə etibarilə, ölkədə məxsusən İranlı ayətullahların (mərcei-təqlidlərin) müqəllidləri (onları dini məsələlərdə təqlid edənlər) sayı artdı və hazırki vilayəti-fəqihin də nüfuzu gücləndi. Dini mərasimlərin illər ərzində İrandakı kimi keçirilməyə, yamsılanmağa başlaması da bu təbliğatların məntiqi nəticəsidir. İran dairələrinin xoşuna gəlməsə də, Taleh Bağırzadənin nümunəsində daha radikal iranyönümlü təbəqənin formalaşmasını da qaçılmaz hal kimi qiymətləndirmək olar. Zaman-zaman ana dili azərbaycanca olan iranlı ali din xadimlərinin Bakıya və cənub bölgələrinə dəvəti və dini məclislərdə iştirakı bir teokratik ölkə olan İrana qarşı simpatiyanı gücləndirirdi.

İranın şiə məzhəbçilik siyasəti sadəcə Azərbaycanın daxilində deyil, birbaşa İrandan da həyata keçirilir. Azərbaycanda açıq şəkildə ifadə edə bilmədiklərini İranda açılan azərbaycandilli televiziya kanalları – “Səhər” telekanalı buna misaldır – vasitəsilə edirlər. Əsasən peyk antennaları ilə yayımlanan həmin televiziya kanallarında xəbərlər və digər siyasi-analitik proqramlarda Azərbaycan bəzən yumşaq, bəzən də sərt formada tənqid edilirdi. Canlı debatlara hətta Azərbaycandan insanlar zəng edir, onlarla həmrəylik nümayiş etdirənlər də olurdu. Son vaxtlar çıxışları ilə siyasi gərginliyə səbəb olan Ayətullah Amulinin də fikirlərinə, cümə moizələrində etdiyi tənqidi çıxışlara yer verilirdi. 

Televiziya verilişləri ilə yanaşı dini seriallar və filmlərlə, o cümlədən tərcümə edilən kitablarla da “məzhəb qardaşı” olan İrana qarşı müsbət fikirlər formalaşdırılırdı. İnsanlar birbaşa olmasa da, dolayı yolla belə olsa İranı dini müstəvidə yaxın görməyə başladılar. Paradoksal olsa da, məsələlərə tarixi yöndən yanaşanlar (Cənubi Azərbaycan, oradakı soydaşlarımızın haqları və bu kimi mövzular) dini məsələlərdə nisbətən yumşaq davranır və artıq formalaşmış fikirləri qəbul etmək məcburiyyətində qalırdılar. 

Daha radikal iranyönümlü şəxsləri artıq Azərbaycana göndərməyən İran, onların olduqları yerdən təbliğat işləri ilə məşğul olmalarına şərait yaradır. Müxtəlif saytlar, sosial media və Youtube kanalları vasitəsilə Azərbaycan dini dövlət olmadığına görə tənqid edilir, İran modelinin orada tətbiqinin vacibliyi vurğulanır, Qərb dövlətləri və İsaril ilə əlaqələr kəskin surətdə tənqid atəşinə tutulur. Tohid İbrahimbəyli və onun ətrafında olanların yaratdığı “Hüseynçilər Müqavimət Hərəkatı” yuxarıda qeyd olunanlara bir nümunədir ki, son hadisələr zamanı yenidən aktiv fəallıqları ilə seçilirlər. 

Görünən odur ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra İran burada məzhəbçilik dayaqları əsasında ciddi tərəfdar və iranyönümlü dindar kütlə formalaşdıra bilmişdir. Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin Süleymanini şəhid kimi görməsi və bu mövzu ətrafında ciddi müzakirələrin getməsi İranın məzhəbçilik siyasətinin “uğurunun” göstəricisi idi. 

Aparılan təbliğatların nəticəsində formalaşmış imicin dayaqları isə 44 günlük müharibədən sonra İranın nümayiş etdirdiyi güc siyasəti və açıq hədələri nəticəsində sarsılmağa başladı. Əlbəttə ki, İran Azərbaycanda ancaq dini təmayüllü siyasət əsaslı işlər görməmiş, alternativ yollardan da istifadə etmişdir. Son həftələrdə baş verən hadisələrin fonunda İran dindarlar arasında öz əleyhində ən azından fikir ayrılığına səbəb ola bildi. İllərlə qurub möhkəmləndirməyə çalışdığı imicini özü öz əli ilə zədələdi. Bəzi dindarlar hacı Şahinin timsalında yerli din xadimlərinin milli maraqlar çərçivəsində başqalarından üstün tutulması üçün çağırışlar etməyə başladı. 

İranın Cənubi Qafqazda baş verənləri rahat həzm edə bilməməsi, ancaq buna paralel olaraq düzgün təhlil və qiymətləndirmə apara bilməməsi əlbəttə ki, Azərbaycanda nüfuzunun zəifləməsinə gətirib çıxardı. Ermənistan ilə olan yaxınlıq, artıq Azərbaycanın nəzarətində olan İran-Ermənistan yoluna alternativ yolun çəkilməsində maraqlı tərəf kimi çıxış etməsi, İran rəsmisinin Rusiya səfərində səsləndirdiyi fikirlər dindarların bir növ məyus olmasına və İranı sorğulamalarına şərait yaratdı. 
 


DİGƏR YAZILAR