Politicon.co

 Erməni-azərbaycanlı münaqişəsinin tarixi: 1905-1906-cı il hadisələri (1-ci hissə)

 Erməni-azərbaycanlı münaqişəsinin tarixi: 1905-1906-cı il hadisələri (1-ci  hissə)

Məqalənin birinci hissəsini oxumaq üçün bu linkə keçid edin.

Ermənilər ilə azərbaycanlılar arasındakı münaqişənin 117 illiyi tamam olur. 1905-ci ildən başlayan münaqişə ilk zamanlarda iqtisadi və dini səbəblərə görə yaransa da, zamanla etnik münaqişəyə çevrilmiş, 1918-ci ildə üç Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması nəticəsində etnik münaqişəyə ərazi münaqişəsinin də əlavə olunması ilə millətlərarası münaqişə artıq dövlətlərarası münaqişəyə çevrilmişdi. Zaqafqaziya respublikalarında Sovet hakimiyyətinin qurulması ilə dövlətin “beynəlmiləlçilik” siyasətinə görə hər iki xalq sülh içərisində yaşasa da, Sovet İttifaqının dağıldığı ərəfədə sovet respublikalarında baş qaldıran milli hərəkatlar azərbaycanlılar və ermənilər arasındakı münaqişənin yenidən alovlanmasına da təsir edir. Məqalədə münaqişənin səbəbləri, Çar Rusiyasının ermənilər və azərbaycanlılara göstərdiyi fərqli münasibət, erməni-azərbaycanlı münaqişəsisinin səbəbləri, münaqişədə Çar Rusiyasının rolu və s. məsələlərə toxunulmuşdur.


Münaqişədən əvvəlki ictimai-siyasi vəziyyət

Çar Rusiyası və ermənilər

Çar Rusiyası ilə ermənilər arasında münasibətlərin ilk tarixi XVII əsrdən başlayır. Cənubi Qafqaza qarşı aparılan koloniyalaşdırma, xüsusilə Səfəvilərə qarşı aparılan siyasətdə erməni əhalisi xristian icma kimi Çar Rusiyası üçün önəmli rol oynayır. XIX əsrdən başlayaraq isə Çar Rusiyasının ermənilər ilə münasibətləri daha da güclənir. Çar Rusiyasının Cənubi Qafqaza hərbi müdaxiləsi ilə bərabər erməni əhalisi də bir sıra hüquq və imtiyazlar əldə edir. Təsadüfi deyil ki, çar I Aleksandr general Knorrinqə verdiyi raportda erməni təbəəsi üçün xüsusi imtiyazlar və hüquqlar müəyyənləşdirmişdi. (Suny, 2015: 68). Bununla yanaşı Qacarlar ilə imzalanan Gülüstan (1813), Türkmənçay (1828) və Osmanlı ilə imzalanan Ədirnə (1829) müqavilələri ilə Çar Rusiyası Cənubi Qafqazın işğal etdiyi bölgələrinə (əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə) xeyli erməni köçürtdü. 21 mart 1828-ci il tarixli Ali Fərmanla isə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaradıldı. Həmçinin 1836-cı il martın 11-də çar I Nikolay tərəfindən çar hökuməti ilə Erməni Apostol Kilsəsi arasında münasibətləri tənzimləyən “Rusiyada erməni-qriqorian kilsəsinin işlərinin idarə edilməsi haqqında Əsasnamə” nin qəbul edilməsi ilə erməni kilsəsinə də xüsusi imtiyazlar tanındı. Çar hökumətinin erməni kilsəsinə münasibəti yaxşı olsa da, erməni tacir sinfini özünə başlıca təhlükə kimi görürdü. Bunun da səbəbi ermənilərin ticarət sahəsinə dərindən bələd olmaları və Çar Rusiyasının güclü rəqibləri kimi ortaya çıxmaları ilə bağlı idi. Ermənilər yalnız ticarət deyil, Cənubi Qafqazın Bakı və Tiflis kimi sənaye şəhərlərində də iqtisadi cəhətdən üstünlüyə malik idilər. Bazar iqtisadiyyatının və sənayenin inkişafı yeni “erməni burjua sinfi” nin meydana çıxması ilə nəticələnirdi. Erməni burjuaziyasının getdikcə güclənməsi onların siyasətdə də təsirlərini artırırdı.

Çar Rusiyasında yaşayan milli azlıqlara görə, II Aleksandrın hakimiyyət illəri tolerantlıq, müəyyən azadlıqların verilməsi və müsbət islahatlar dövrü kimi xarakterizə olunur. Rusiyanın Krım müharibəsində (1856) məğlub olması ilə, 1877-1878-ci ildəki Rusiya-Osmanlı müharibəsində böyük Avropa gücünə çevrilməsi arasındakı zamanda ermənilər Çar Rusiyasının dəstəyi ilə həm iqtisadi, həm də fiziki  baxımdan güclənmişdi. Cənubi Qafqazda erməni burjuaziyası və onun elit təbəqəsi, rusların ermənilər ilə olan əlaqələrdə oynadığı rolu müsbət amil kimi xarakterizə edirdilər. 1870-ci illər boyu Çar Rusiyasının mənafeləri və ermənilərin tələbləri üst-üstə düşürdü. 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsinin gedişində və müharibədən sonra Rusiya özünü ermənilərin xilaskarı kimi müəyyən etdi. Ancaq Berlin konfransında ermənilər Avropadan umduqları dəstəyi görmədilər. Rusiyanın müharibədə qalib gəlməsinə baxmayaraq ələ keçirdiyi torpaqların böyük bir hissəsindən əl çəkməsi onun masada məğlub olması və ermənilərin istəklərinin həyata keçməməsi ilə nəticələndi. San-Stefano müqaviləsinin maddələrindən biri, Şərqi Anadolunun ermənilər yaşayan vilayətlərində islahatların tətbiq olunmasına qədər rus əsgərlərinin Türkiyədə qalmasını şərtləndirən 16-cı maddə, Berlin müqaviləsinin 61-ci maddəsi ilə əvəz edilmişdi. 61-ci maddə ilə də Rusiya öz qoşunlarını Şərqi Anadoludan çıxarmalı idi. Berlin müqaviləsi rus-erməni iş birliyinin əslində dönüş nöqtəsi idi. Artıq II Aleksandrın hakimiyyətinin sonunda Çar Rusiyasının milli azlıqlarla bağlı mülayim siyasəti onlara qarşı yönəlmiş rus şovinizmi ilə əvəz edildi. Ölkədə getdikcə güclənən inqilabi hərəkat nəticəsində II Aleksandr erməni əsilli Kont Mixail Loris-Məlikovu hökumət başçısı təyin etdi. Ancaq II Aleksandrın suiqəsd nəticəsində öldürülməsi və 1881-ci ildə hakimiyyətə oğlu III Aleksandrın gəlməsi ilə milli azlıqlara, xüsusilə ermənilərə olan münasibət dəyişdi. Mühafizəkarlar ilk gündən hökumət başçısı Loris-Məlikovu hədəfə alaraq onu hökumətdən uzaqlaşdırmaq üçün III Aleksandra təsir etdilər (Villari, 2001: 150). Bununla yanaşı, 1882-ci ildə III Aleksandr daxili işlər naziri Tolstoya erməni millətçiliyinə qarşı qəti tədbirlər görməsi üçün sərəncam verdi. 1880-ci illərin sonunda hökumət dövlət idarəçiliyinin yuxarı eşelonlarında olan, demək olar, bütün erməniləri vəzifələrindən uzaqlaşdırdı. 1885-ci ildə Dondukov-Korsakovun göstərişi ilə, 160 erməni kilsə məktəbi bağlandı; 1889-cu ildə isə çarın fərmanı ilə Ermənistanın tarixi və coğrafiyası kimi fənnlər məktəb tədris proqramından çıxarıldı. (Baberovski, 2003: 61). Çar hökumətinin ermənilərə qarşı sərt tədbirlər həyata keçirməsinin digər səbəbi də  ermənilərin islahat tərəfdarları olmaları və bu tələblərinin çar hökuməti tərəfindən imperiyanın mövcudluğuna qəsd kimi dəyərləndirməsi ilə bağlı idi. Məsələn, rus millətçi-mühafizəkar Qarayüzlər cərəyanının üzvü olmuş Vasili Veliçko ermənilərin konstitusiya və islahatla bağlı yenilikçi ideyalarını Çar Rusiyasının mövcudluğu üçün təhlükə hesab edir və buna görə də çar hökumətinin ermənilərə qarşı atdığı sərt atdımları dəstəkləyirdi. (Suny, 2015: 85).

 

Çar Rusiyası və azərbaycanlılar

Çar Rusiyasının XIX əsrin əvvəllərində azərbaycanlılara olan münasibəti ikili xarakter daşıyırdı. Bunu ilk vaxtlarda çar komandanlığının Azərbaycan xanlıqlarına göstərdiyi münasibətdə də müşahidə etmək olar. Xanlıqlar müqavimət göstərmədiyi təqdirdə çar hökuməti onların hakimiyyətini qoruyur, müqavimət göstərdikləri halda isə xanlıqları ləğv edərək onları mahiyyətcə xanlıqlardan fərqlənməyən “komendantlıq” idarə üsulu ilə əvəz edirdi. Məsələn, Qarabağ, Şirvan və Şəki xanlıqları 1805-ci ildə çar hökuməti ilə müqavilələr imzalayaraq öz daxili müstəqilliklərini qorudular. Rusiya qoşunlarına müqavimət göstərdiklərinə görə isə Gəncə (1804), Bakı və Quba (1806) xanlıqları işğaldan dərhal sonra ləğv edildi. 1813-cü ildə Qacarlar dövləti ilə Rusiya arasında imzalanan Gülüstan sülhünə baxmayaraq Şirvan, Şəki və Qarabağ xanlıqları öz daxili müstəqilliklərini bir müddət qoruyub saxlaya bildilər. Hərçənd, general Yermolovun Qafqazın baş komandanı təyin edilməsindən sonra xanlıqlara olan münasibət dəyişdi. General Yermolov xanlıqların İranla əməkdaşlıqda əlaqələndirərək əvvəlcə Şəki (1818), daha sonra isə Şirvan (1819) və Qarabağ (1822) xanlıqları ləğv etdi. Digər tərəfdən, Talış xanlığı da öz varlığını 1844-cü ilə qədər davam etdirdi. Lakin 1826-cı ildə İranla aparılan müharibə zamanı xanın İrana sığınmasından sonra xanlığa çar komandanlığı nəzarət edirdi. (Svetoxovski, 2022: 22). 

1828-ci il Türkmənçay müqaviləsi ilə Cənubi Qafqaz xanlıqlarının Çar Rusiyasına birləşdirilməsindən sonra Cənubi Qafqazın müsəlmanlar yaşayan bölgələrinin idarə edilməsi barədə Rusiya hakim elitasında 2 cür düşüncə məktəbi formalaşmışdı. Birinci düşüncə məktəbinin tərəfdarları Cənubi Qafqazı yerli mental dəyərlərini nəzərə alıb müsəlman bəy və xan sinfi ilə əməkdaşlığa üstünlük verərək yarı-muxtariyyət tipli idarə etməyin tərəfdarları idilər. İkinci düşüncə məktəbinin tərəfdarları (inteqrasiyaçılar) isə Cənubi Qafqazın mədəni, iqtisadi və siyasi baxımdan Rusiya imperiyasına birləşdirilməsinə və ən sonda da bölgənin tamamilə ruslaşdırılmasına ehtiyac olduğunu vurğulayırdılar. Çar hökuməti keçmiş xanlıqların ərazisində komendantlıq idarə üsulunu yaratsa da ilk vaxtlar müsəlman elitasının mülki hakimiyyəti qalmaqda davam edirdi. Ancaq artıq 1830-cu illərdə çar hakim dairələrində müsəlman elitaların mülki hakimiyyətdən də kənarlaşdırılması məsələsi ilə bağlı qızğın müzakirələr aparılır. Çar hökuməti bunun üçün xüsusilə xristian (erməni və gürcü) amilindən də geniş istifadə edirdi. Ümumiyyətlə çar hökumətinin müsəlmanları hakimiyyətdən kənarlaşdırmaq və onları sıxışdırmasının digər səbəbi də islam dininin çar hakim dairələrində fanatizm və cəhalət dini kimi qəbul edilməsi ilə bağlı idi. Bundan əlavə müsəlman vilayətlərindəki vəziyyəti yoxlamaq üçün Cənubi Qafqaza göndərilən senator Qanın Zaqafqaziya xanlıqlarında asılı kəndlilərin və zadəgan zümrələrin olmaması ilə bağlı çar hökumətinə yanlış məlumat verməsi müsəlman elitaların hakimiyyətdən kənarlaşdırılması ilə nəticələndi. Hərbi nazir Çernişevin etirazın baxmayaraq senator Qan tərəfindən təklif edilən islahat 1841-ci ildə qəbul edildi.  İslahat nəticəsində komendantlıqlar ləğv edildi və xanlıqların ləğv olunması ilə yaranan əyalətlər uyezdlərlə əvəz edildi. Uyezdlərin tərkibində uçasteklərin yaradılması yerli məmurların kütləvi şəkildə işdən çıxarılması və rus məmurları ilə əvəzlənməsi ilə nəticələndi. Bununla yanaşı, Zaqafqaziya ərazisi dini və etnik fərqlilikləri nəzərə alınmadan Xəzər vilayətinə və Gürcüstan-İmeretiya quberniyasına bölündü (Baberovski, 2003:25). Senator Qanın bu islahatı inteqrasiyaçıların aşkar qələbəsi demək idi. Bundan əlavə inteqrasiya prosesinin davamı kimi bəy və xan sinfinə aid torpaqlar da müsadirə edildi və bu torpaqlar gələcəkdə köçürüləcək rus kəndliləri arasında bölünməli idi. Ancaq senator Qanın islahatları yalnızca yerli elita deyil, həmçinin əhali arasında da narazılığa gətirib çıxardı. Bununla da üzərindən 1 il keçməmiş hökumət senator Qanın islahatlarından imtina etdi və Qafqaz canişinliyi yaradıldı. 1844-cü ildə knyaz Mixail Vorontsov Qafqazın ilk canişini təyin edildi. Knyaz Vorontsov inteqrasiyanın əksinə yerli elit təbəqə ilə əməkdaşlığa üstünlük verirdi. Məhz Vorontsovun bəylərin və ağaların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çara verdiyi təklifdən sonra I Nikolay tiyul torpaqlarını müsəlman torpaq sahiblərinin irsi və ayrılmaz hüquqları olması ilə bağlı və imtiyazlı sinif kimi bəy-xan sinfinə Rusiya dvoryanları ilə eyni status verən 1846-cı ilin dekabr tarixli reskripti imzaladı. Ancaq Gürcüstan nümunəsinə əməl edən Vorontsovun tövsiyyələrinin əksinə olaraq, bəylərin Rusiya zadəgan sinfinə inteqrasiyası baş tutmadı. Bunun əvəzinə, hökumət müsəlman zadəganları xüsusi olaraq yaradılan silk kateqoriyasına- “ali müsəlman silkinə” aid etdi. Həmçinin müsəlman elitaların Rusiya təhsil sisteminə inteqrasiyası, eləcə də çar II Aleksandrın böyük islahatları ali təhsilli müsəlmanların gələcəkdə bir sıra vəzifələrdə çalışmasına da şərait yaratdı. Sonradan, bu insanlar Şərqi Zaqafqaziyada geniş yayılan milli hərəkatın əsas nüvəsinə çevrildilər. Ümumilikdə, 1846-cı ilin dekabrında verilən reskript də birinci düşüncə məktəbinin tərəfdarlarının (Cənubi Qafqazın yarı-muxtar formada idarə olunmasının) qələbəsi demək idi. Reskriptdən əlavə 1846-cı ildə Cənubi Qafqazda 4 quberniya-Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları, 1849-cu ildə isə İrəvan quberniyası yaradıldı. Yeni yaradılan quberniyalar artıq dini və etnik əlamələtlərə görə müəyyənləşdirildi. Quberniyalar uçasteklərə bölünmədiyinə görə mülki vəzifələrdə çalışmaq istəyən müsəlman imtiyazlı sinfi üçün xeyli imkanlar yarandı. Ümumilikdə knyaz Mixail Vorontsovun canişinlik dövrü müsəlmanlara qarşı yumşaq siyasət və onlara geniş hüquqların verilməsi dövrü kimi də xarakterizə oluna bilər. Ancaq 1865-ci ildə Vorontsovun təqaüdə çıxması çar hökumətinin Cənubi Qafqazla bağlı siyasətində dəyişikliklərə - inteqrasiya prosesinin yenidən başlanmasına səbəb oldu. Uyezdlərin yenidən uçasteklərə bölünməsi ilə yerli məmurlar kütləvi şəkildə işdən çıxarılaraq rus məmurları ilə əvəz edildi. III Aleksandr 1881-ci ildə hakimiyyətə gəldikdən az sonra Cənubi Qafqazın xüsusi statusunu ləğv etdi. 1880-ci illərdə rus miqrantlarının kütləvi şəkildə köçürülməsi ilə kolonizasiya prosesi davam etdirildi (Svetoxovski, 2022: 28-29).

Çar hökuməti ilk vaxtlar müsəlmanlara orduda xidmət etmək hüququ da vermişdi. Xüsusilə çar hökuməti şiələrdən ibarət bölüklər yaradır və Qafqazda baş verən sünni üsyanlarını yatırmaq üçün həmin bölüklərdən geniş istifadə edirdi. Məsələn, 1830-cu illərdə baş verən Quba və Şəki üsyanlarının yatırılması zamanı çar hökumət şiələrdən olan Şirvan bölüyünün yardımından istifadə etmişdi. Bununla yanaşı çar hökuməti 1829-cu ildə Osmanlıya qarşı apardığı müharibədə də şiələrdən geniş istifadə etdi. Təsadüfi deyil ki Ərzurum döyüşünün taleyini Qarabağ alayı həll etmişdi. (Svetoxovski, 2022: 28-29). Ümumilikdə, XIX əsrin 80-ci illərin əvvəllərinə qədər müsəlmanlar çar ordusunda hərbi xidmətə çağrıldılar. Ancaq 1880-ci illərin əvvəllərində çar hökumətinin islam dininə göstərdikləri antipatiya ilə bağlı olaraq müsəlmanlar digər vəzifələrdən olduğu kimi hərbi xidmətdən də azad edildilər. Qafqazın baş rəisi Dondukov-Korsakov 1883-cü ildə Qafqazda ümumi hərbi mükəlləfiyyətin tətbiqinə dair hesabatında əllərinə silah alan müsəlman təbəələrin, həmin silahı onlara siyasi müstəqillik simvolu kimi istifadə etməyi öyrədən dövlətə qarşı çevirəcəyini yazırdı. Bundan əlavə, çar hökumətində müsəlmanların “kənar təlimlərinin” ölkənin hərbi-siyasi sisteminə böyük zərərlərin vuracağı ilə bağlı narahatlıq yaranmışdı. Sonda, knyaz Qolitsının canişinliyi dövründə (1896-1904) müsəlmanlara münasibət erməni amilinə görə bir qədər fərqli olsa da, 1905-ci ildə Varantsov-Daşkovun Qafqaz canişini təyin edilməsi ilə müsəlmanlara olan münasibət yenidən mənfiyə doğru dəyişdi (Altstadt, 1992: 19).

 

Erməni-azərbaycanlı münaqişəsinin səbəbləri

Ermənilər və azərbaycanlılar arasında münasibətlər dinc şəraitdə keçsə də, XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi onların münasibətlərində durğunluq yaratmışdı. Rusiyanın İran və Osmanlı ilə apardığı müharibələrdən sonra Cənubi Qafqazın müsəlman bölgələrinə xeyli erməni əhalisi köçürüldü. Bununla da çar hökumətinin qərarı ilə müsəlman zadəganlar mülki və siyasi hakimiyyətdən kənarlaşdırıldı və onların yerlərinə ermənilər və gürcülər təyin edildi. Ancaq 1840-cı illərdə knyaz Mixail Vorontsovun Qafqaz canişini təyin edilməsindən sonra müsəlman zadəganlara olan münasibət dəyişdi və çar hökuməti müsəlmanlara bir sıra hüquq və imtiyazlar tanıdı. Beləliklə müsəlmanlara və ermənilərə göstərilən münasibət bərabərləşdirildi. Ancaq 1860-ci illərdə knyaz Baryatinskinin  Qafqaz canişini təyin edilməsindən sonra müsəlman zadəganların hüquq və imtiyazları yenidən əllərindən alındı. Çar hökuməti inteqrasiya prosesində yenidən xristian (əsasən də erməni) amilindən istifadə etməyə başladı. Çar Rusiyasının kolonizasiya siyasəti zamanı xristian (daha çox erməni) amilindən istifadə etməsi və müsəlman zadəganların hüquq və imtiyazlarının əllərindən alınması müsəlman zadəganlarında ermənilərə qarşı antipatiyanın yaranmasına səbəb olmuşdu (Villari, 2001: 159). 

1870-ci illərdə isə çar hökuməti tərəfindən hər cür hüquq və imtiyazla təmin olunan erməni burjuaziyası iqtisadi rəqabətdə də azərbaycanlı burjuaziyanı üstələyirdi. Məsələn, 1872-ci ildə neftli torpaqların satışı üçün keçirilən auksiyonda azərbaycanlı investorlarının gəliri 5 faiz olduğu halda, erməni investorlarının payı 10 dəfə çox idi.  Ümumilikdə isə 167 neft müəssisəsindən 49-u azərbaycanlı burjuaziyanın, 55-i isə erməni burjuaziyasının əlində idi. Bununla yanaşı 1900-cü ildə Bakı quberniyasında fəaliyyət göstərn 115 sənaye şirkətindən 29-u ermənilərin, 18-i isə azərbaycanlıların əlində idi. Erməni burjuaziyasının iqtisadi sahədə əldə etdiyi bu üstünlük azərbaycanlı burjuaziyanın müflisləşməsinə gətirib çıxarırdı. Ancaq 1881-ci ildə III Aleksandrın hakimiyyətə gəlməsi ilə ermənilərə qarşı münasibət dəyişdi. Hakimiyyətdə mövqe tutan mühafizəkarlar ermənilərə qarşı sərt tədbirlərin həyata keçirilməsini onların inqilabi fəaliyyətlə məşğul olması ilə əlaqələndirirdilər. Ermənilərə qarşı sərt addımların atılmasına paralel olaraq, çar hökuməti müsəlmanları öz tərəfinə çəkməyə başladı. 1896-cı ildə Qafqazın baş canişini təyin edilən knyaz Qolitsın müsəlmanların rəğbətini qazanmaq üçün erməniləri əvvəlcə mülki xidmət sahələrindən uzaqlaşdıraraq yerinə müsəlmanları təyin etdi. Bununla yanaşı, Qolitsın 1897-ci ildə ermənilərin Bakıda və Tiflisdə hakimiyyəti öz əllərinə keçirməsini  müsəlmanların sıxışdırılması ilə  nəticələndiyi ilə bağlı çar hökumətinə məktub yazaraq ermənilərin şəhər dumalarından uzaqlaşdırılmasını təklif etdi. Eyni zamanda Qolitsın gimnaziyalarda ana dilinin öyrədilməsinə və Şərqi-Rus qəzetinin çap edilməsi üçün də müsəlman elitaya dəstək verdi. Buna baxmayaraq, Qolitsının ermənilərin şəhər dumalarından uzaqlaşdırılması ilə bağlı təklifi qəbul olunmadı və müsəlman deputatlara faiz limiti tətbiqilə bağlı qanun qüvvədə saxlanıldı.  Ancaq XX əsrin əvvəllərində müsəlman deputatların sayı artırıldı. Çar hökumətinin məqsədi yeni formalaşmaqda olan erməni milli hərəkatına qarşı müsəlmanlardan faydalanmaq idi. Ermənilərə qarşı sərt tədbirlərin həyata keçirilməsi çar hökumətinin üzvlərinə qarşı Daşnaksutyun tərəfindən suiqəsdlərin həyata keçirilməsi ilə nəticələndi. (Baberovski, 2003:62). 1903-cü ildə knyaz Qolitsın daşnaklar tərəfindən suiqəsdə məruz qalsa da, yaralanaraq sağ qaldı və tez bir zamanda Qafqazı tərk etdi. Knyaz Qolitsından sonra 1905-ci ildə Qafqaz canişinliyi boş qaldı. Qolitsının siyasətini isə Bakı qubernatoru knyaz Nakaşidze davam etdirdi. 1905-ci ilin yanvarında knyaz Nakaşidzenin də müsəlmanlara silah paylaması və müsəlmanların çar hökumətini dəstəklədiyinə görə daşnaklar tərəfindən təhdidlərə məruz qalması Azərbaycan tarixində 100 ildən çox davam edən etnik münaqişənin - erməni-müsəlman qırğınının başlanğıcı oldu.

 

İstifadə edilən ədəbiyyat

Suny, R G. (2015). Ararat’a bakmak. Modern tarihte Ermenistan. Aras Yayıncılık.

Акты, собранные Кавказской археографической комиссией: Том VII / Берже А.П. -Тифлис: Тип. Главного Управления Наместника Кавказского, 1878, c. 487.

Полное собрание законов Российской империи. Т. 11, 1837, № 8970. Высочайше утверждённое Положение об управлении делами Армяно-Грегорианской Церкви в России, с. 194-209.

Baberovski, Y. (2003). Düşmən hər yerdədir. Stalinizm Qafqazda.

Villari, L. (2001). Fire and sword in the Caucasus.

Svetoxovski, T. (2022). Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman cəmiyyətində milli kimliyin formalaşması.

Altstadt, A L. (1992). The Azerbaijani Turks Power and Identity Under Russian Rule. 



 


DİGƏR YAZILAR